SIÇRAYIŞLI   TƏKAMÜL
NƏZƏRİYYƏSİNİN    ƏSASSIZLIĞI

Daha əvvəlki fəsildə fosil qeydlərinin darvinist nəzəriyyənin fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə ortaya çıxmış və milyon illər boyu heç bir dəyişiklik keçirmədən “sabit” qalmışdırlar. Paleontologiyanın ortaya qoyduğu bu böyük kəşf canlı növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.

Bu həqiqət uzun illər boyu paleontoloqlar tərəfindən gözardı edilmiş və xəyali ara keçid formaların bir gün tapılacağı ümid edilmişdir. Keçən əsrin 70-ci illərində bəzi paleontoloqlar bunun yersiz ümid olduğunu və fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində açıqlama axtarmağa çalışdılar.

Neodarvinizmdən bir az fərqli təkamül modeli olan “sıçrayışlı təkamül” anlayışı belə meydana gəldi. (Orijinal adı “punctuated equilibrium”, yəni “fasiləli müvazinət” olan bu nəzəriyyəni praktik cəhətdən aydın olması üçün “sıçrayışlı təkamül” şəklində ifadə edirik).

Bu model 1970-ci illərin əvvəlində Harvard Universitetinin paleontoloqları Stefen Cey Quld və Nayls Eldric tərəfindən coşğu ilə müdafiə edilməyə başladı. Hər ikisi də fosil qeydlərinin üzə çıxardığı nəticəni iki əsas anlayışla xülasə edirdi:

1. Stasis (ətalət)

2. Ani surətdə üzə çıxma .173

Gould ve Eldredge, bu iki olguyu evrim teorisi içinde açıklayabilmek için, canlı türlerinin Darwin'in öngördüğü gibi kademeli küçük değişikliklerle değil, ani ve büyük değişikliklerle oluştuğunu öne sürdüler.

Quld və Eldric bu iki faktı təkamül nəzəriyyəsi çərçivəsində açıqlaya bilmək üçün canlı növlərinin Darvinin irəli sürdüyü kimi, mərhələli kiçik dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə əmələ gəldiyini irəli sürdülər.

Əslində, bu nəzəriyyə 1930-cu illərdə avropalı paleontoloq Otto Şindevulf tərəfindən irəli sürülmüş “Gözlənilən bədheybət” (Hopeful monster) nəzəriyyəsinin şəkli dəyişdirilmiş formasıydı. Şindevulf canlıların neodarvinizmin irəli sürdüyü kimi, zaman ərzində kiçik mutasiyalar nəticəsində deyil, ani və böyük mutasiyalarla təkamül keçirdiklərini irəli sürmüşdü. Şindevulf nəzəriyyəsinə nümunə verərkən tarixdəki ilk quşun “qross mutasiya” ilə, yəni genetik quruluşunda təsadüfən meydana gələn böyük dəyişikliklə sürünən yumurtasından çıxdığını iddia etmişdi.174

Həmin nəzəriyyəyə əsasən, bəzi quruda yaşayan canlılar keçirdikləri ani və böyük dəyişikliklə birdən-birə nəhəng balinalara çevrilə bilərlər. Şindevulfun bu fantastik nəzəriyyəsi 1940-cı ildə də Berkeley Universitetindən genetik Riçard Qoldşmidt tərəfindən mənimsənildi və müdafiə edildi. Amma nəzəriyyə o qədər əsassız idi ki, qısa zamanda tərk edildi.

Quld və Eldrici bu nəzəriyyəyə yenidən qayıtmağa məcbur edən amil isə əvvəlcədən bildirdiyimiz kimi, fosil qeydlərinin heç bir “ara keçid forma” olmadığını göstərməsi idi. Bu qeydlərdəki “stasis” və “ani surətdə üzə çıxma” faktı o qədər konkret idi ki, bu iki tərif vəziyyəti açıqlamaq üçün “gözlənilən bədheybətlərə” yenidən əl atmaq məcburiyyətində qaldılar. Quldun “Gözlənilən bədheybətlərin qayıdışı” (Return of the hopeful monsters) adlı məşhur məqaləsi bu labüd geri dönüşün ifadəsi idi.175

Əlbəttə, Quld və Eldric Şindevulfun fantastik nəzəriyyəsini eynilə təkrarlamadılar. Nəzəriyyəyə “elmi” don geydirmək üçün sözügedən “ani təkamül sıçrayışlarına” bir cür mexanizm uydurmağa çalışdılar. (nəzəriyyə üçün seçdikləri “fasiləli müvazinət” kimi qəribə termin elmi don geydirmək cəhdi idi). Quld və Eldricin nəzəriyyəsi sonrakı illərdə digər bəzi paleontoloqlar tərəfindən də mənimsənildi və hərtərəfli işlənildi. Halbuki sıçrayışlı təkamül nəzəriyyəsi ən az neodarvinist nəzəriyyə qədər böyük ziddiyyət və əsassızlıqla dolu idi.

Sıçrayışın “mexanizmi”

Sıçrayışlı təkamül nəzəriyyəsi canlı populyasiyalarının çox uzun müddət boyu dəyişmədiyini, bir növ “tarazlıq” (equilibrium) vəziyyətində qaldıqlarını qəbul edir. Bu iddiaya əsasən, təkamül xarakterli dəyişikliklər çox qısa zaman intervallarında və çox dar populyasiyalar daxilində baş verir (tarazlıqda durğunluq, yəni “punctuation” baş verir). Populyasiya çox dar olduğu üçün böyük mutasiyalar çox qısa müddət ərzində təbii seçmə yolu ilə seçilir və beləliklə, yeni növ əmələ gəlir.


Sıçrayışlı təkamül modelinin iki məşhur müdafiəçisi; Stefen Jay Quld və Niles Eldric.

Bu nəzəriyyəyə əsasən, məsələn, bir sürünən növü milyon illər boyu heç bir dəyişikliyə uğramadan yaşayır. Ancaq bu sürünən növünün içindən bir şəkildə ayrılan az saydakı bir qrup sürünən səbəbi açıqlana bilməyən bir sıra mutasiyaya məruz qalır. Bu mutasiyaların üstünlük gətirənləri bu kiçik qrup daxilində sürətlə seçilir. Qrup sürətlə təkamül keçirir və qısa müddətdə başqa bir sürünən növünə, hətta bəlkə məməlilərə çevrilir. Bütün bu proses çox sürətli olduğu və kiçik populyasiyada baş verdiyi üçün. çox az fosil izi qalır, bəlkə də heç qalmır.

Diqqət edilsə, əslində, bu nəzəriyyə “fosil izi buraxmayacaq qədər sürətli bir təkamül prosesi necə təsəvvür edilə bilər?” sualına cavab vermək üçün ortaya atılmışdır. Bu cavabı uydurarkən  iki əsas fərziyyə qəbul edilir:

1. “Makromutasiyaların”, yəni canlıların genetik məlumatında böyük dəyişikliklər əmələ gətirən böyük mutasiyaların canlılara üstün xüsusiyyətlər qazandırdıqları və yeni genetik məlumat əlavə etdikləri fərziyyəsi.

2.Sayca az olan heyvan populyasiyalarının genetik cəhətdən daha üstün xüsusiyyətlərə malik olduqları fərziyyəsi.

Lakin hər iki fərziyyə də elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edir.

Makromutasiyalar xətası

Sıçrayışlı təkamül nəzəriyyəsi, bir az əvvəl də bildirdiyimiz kimi, yeni növ əmələ gəlməsinə səbəb olan mutasiyaların çox böyük ölçülərdə baş verdiyini və ya bəzi fərdlərin üst-üstə çox mutasiyaya məruz qaldığını fərz edir. Lakin bu fərziyyə genetika elminin bütün müşahidə faktlarına ziddir.

Əsrin məşhur genetiklərindən R.A.Fişerin təcrübə və müşahidələrə əsaslanaraq ortaya qoyduğu bir qanun bu fərziyyəni açıq şəkildə təkzib edir. Fişer “Təbii seçmənın genetik nəzəriyyəsi” (The genetical theory of natural selection) adlı kitabında “mutasiyanın bir canlı populyasiyasında daimi olmasının mutasiyanın fenotip üzərindəki təsiri ilə tərs mütənasib” olduğunu bildirir.176Başqa sözlə, bir mutasiya nə qədər böyük olsa da, populyasiyada daimi olma ehtimalı da bir o qədər azalır.

Bunun səbəbini görmək  çətin deyil. Əvvəlki fəsillərdə nəzərdən keçirdiyimiz kimi, mutasiyalar canlıların genetik məlumatında təsadüfi dəyişikliklər əmələ gətirirlər və heç vaxt canlının genetik məlumatını inkişaf etdirən təsirləri yoxdur. Əksinə, mutasiya keçirən fərdlər ciddi xəstəlik və şikəstliyə məruz qalırlar. Ona görə də mutasiya bir fərdə nə qədər çox təsir edirsə, yaşama ehtimalı da bir o qədər az olur.

Darvinizmin israrlı müdafiəçilərindən Ernst Mayr bu mövzuda belə deyir: Mutasiyalar nəticəsində genetik əcaib canlıların əmələ gəlməsi həqiqətən də müşahidə edilən faktdır, lakin bunlar o qədər qəribə canlılardır ki, ancaq “gözlənilməyən əcaib canlılar” kimi tərif edilə bilər. Tarazlıqları o qədər pozulmuşdur ki, tarazlayıcı seçmə mexanizmi yolu ilə seçilməkdən xilas olmaq üçün heç bir imkanları yoxdur... Əslində bir mutasiya fenotipə nə qədər çox təsir edərsə, onun (təbii mühitə olan) uyğunluğunu o qədər azaldır. Bu cür radikal mutasiyanın fərqli uyğunlaşma təmin edəcək yeni bir fenotip əmələ gətirəcəyinə inanmaq bir möcüzəyə inanmaq deməkdir... Bu “gözlənilməyən əcaib canlıya” cütləşəcəyi uyğun cüt tapmaq və bunların populyasiyanın normal fərdlərindən törəyici şəkildə təcrid edilmələri də, məncə, əsla həll edilməyəcək çətinliklərdir.177

Mutasiyaların təkamül xarakterli inkişafa səbəb olmadığı aydındır və bu həqiqət həm neodarvinizmi, həm də sıçrayışlı təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Mutasiya zərərverici mexanizm olduğuna görə, sıçrayışlı təkamül tərəfdarlarının bəhs etdikləri makromutasiyalar canlılara “makro” səviyyədə zərər verərlər. Bəzi təkamülçülər DNT-dəki “tənzimləyici genlərə” (regulatory genes) təsir edən mutasiyalara ümid bağlayırlar. Amma digər mutasiyalara aid olan zərərverici xüsusiyyət bu mutasiyalar üçün də etibarlıdır. Problem mutasiyanın təsadüfi dəyişiklik olmasındadır, genetik məlumat kimi kompleks quruluşda baş verən hər hansı təsadüfi dəyişiklik zərərli nəticələr verir.

Genetik Leyn Lester və populyasiya genetiki Reymond Bohlin “Bioloji dəyişiklikdə təbii məhdudiyyətlər” (The natural limits to biological change) adlı kitablarında sözügedən mutasiya problemini belə izah edirlər:

Nəhayət, bu nəticəyə gəlirik ki, hər hansı bir təkamül modelində hər cür genetik variasiyanın mütləq mənşəyi mutasiyadır. Bəziləri kiçik mutasiyaların nəticələrindən narahat olurlar və təkamül yeniliklərinin mənşəyini açıqlamaq üçün makromutasiyalara müraciət edirlər. Qoldsmitin gözlənilən əcaib canlıları həqiqətən də geri qayıtmışdır. Ancaq makromutasiyaların təsir etdiyi populyasiyalar, əslində, həyat uğrunda mübarizədə məğlub olan populyasiyalar olur. Makromutasiyaların kompleksliyin artırılmasını təminedici xüsusiyyətindən (genetik məlumatı dəyişdirmək baxımından) əsər-əlamət yoxdur. Əgər quruluşa təsir edən gen mutasiyaları (kiçik mutasiyalar) lazımi dəyişiklikləri əmələ gətirmək üçün kafi deyillərsə, tənzimləyici genlərə təsir edən mutasiyalar daha əlverişsiz olacaqdır, çünki adaptasiya (uyğunlaşma) təmin etməyən və hətta məhvedici təsirlər əmələ gətirəcəkdir... Bir cəhət olduqca aydındır: mutasiyaların (istər böyük, istərsə də kiçik olsunlar) hədsiz dərəcədə bioloji dəyişiklik əmələ gətirməsi tezisi bir faktdan çox inanc kimi qalmaqda davam edir.178

Müşahidə və təcrübələr mutasiyaların genetik məlumatı təkmilləşdirmədiyini və canlıları məhv etdiyini göstərir, lakin sıçrayışlı təkamül tərəfdarlarının mutasiyalardan neodarvinistlərdən belə daha böyük “uğurlar” gözləmələri açıq-aşkar əsassızlıqdır.

Dar populyasiyalar xətası

Sıçrayışlı təkamül tərəfdarlarının vurğuladıqları ikinci anlayış “dar populyasiyalar” anlayışıdır. Bununla yeni növ əmələ gəlməsinin sayca olduqca az olan heyvan və ya bitkidən ibarət icmalarda baş verdiyini ifadə edirlər. Bu iddiaya əsasən, çox sayda heyvandan ibarət olan populyasiyalarda təkamül xarakterli inkişaf baş vermir və “stasis” (sabitlik) vəziyyyətini qoruyurlar. Ancaq bu populyasiyalardan bəzən kiçik qruplar ayrılır və bu “təcrid edilmiş” qruplardakı canlılar sadəcə öz aralarında cütləşirlər. (bunun çox vaxt çoğrafi şərtlərdən irəli gəldiyi fərz edilir). Öz aralarında cütləşən bu kiçik qruplarda makromutasiyalar təsirli olur və çox sürətlə “növlərə ayrılma” baş verir.

Görəsən, sıçrayışlı təkamül tərərdarları nə üçün dar populyasiyalar anlayışını bu qədər vurğulayırlar? Sualın cavabı açıqdır: məqsədləri fosil qeydlərindəki ara keçid forma yoxluğuna “açıqlama” gətirməyə çalışır. “Təkamül xarakterli dəyişikliklər çox dar populyasiyalarda və çox sürətlə inkişaf etdi və ona görə də kifayət qədər fosil izi qalmadı” şəklindəki izahlarını bu səbəbdən israrla vurğulayırlar.

Lakin əslində, son illərdə aparılan elmi təcrübə və müşahidələr dar populyasiyaların genetik cəhətdən təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə olduğunu ortaya qoymuşdur. Dar populyasiyalar yeni növ əmələ gətirmək bir tərəfə qalsın, əksinə, ciddi genetik pozuntular üzə çıxarırlar. Bunun səbəbi dar populyasiyalarda fərdlərin daima dar genetik hovuz çərçivəsində cütləşmələridir. Buna görə, normal halda “heteroziqot” olan fərdlər getdikcə “homoziqota” çevrilirlər. Bunun nəticəsində də normal halda resessiv olan pozulmuş genlər dominant genə çevrilir və beləliklə, populyasiyada getdikcə daha çox genetik pozuntu və xəstəlik üzə çıxır.179

Bu mövzunu tədqiq etmək üçün toyuqlar üzərində 35 il davam edən müşahidə aparılmışdır. Müşahidələrdə dar populyasiyada saxlanılan toyuqların getdikcə genetik cəhətdən zəiflədiyi müəyyən edilmişdir. Toyuqların yumurtlaması 100%-dən 80%-ə, çoxalma faizi də 93%-dən 74%-ə düşmüşdür. Ancaq insanların şüurlu müdaxiləsiylə, yəni başqa bölgələrdən gətirilən toyuqların populyasiyaya qarışdırılması ilə bu genetik zəifləmə prosesi dayanmış və toyuqlar normal hala düşməyə başlamışlar.180

Bu və buna bənzər kəşflər sıçrayışlı təkamül tərəfdarlarının sığındıqları “dar populyasiyalar təkamül xarakterli inkişafın mənbəyidir” şəklindəki iddianın elmi əsasının olmadığını açıq şəkildə göstərir.

Nəticə


Riçard Daukuns ; gənc nəsillərə Darvinizmin   təbliğatını  aparmaqla  məşğul.

Elmi kəşflər sıçrayışlı təkamül nəzəriyyəçilərinin iddialarını dəstəkləmir. Canlıların dar populyasiyalarda və makromutasiyalarla sürətlə təkamül keçirdiklərini irəli sürən bu iddia əslində ən az neodarvinizmin ortaya qoyduğu təkamül modeli qədər əsassızdır.

Bəs, bu nəzəriyyənin son illərdə məşhurlaşmasının səbəbi nədir: bu sualı təkamülçülərin mübahisələrinə baxdıqda cavablamaq olar. Sıçrayışlı təkamül modelini müdafiə edənlərin demək olar ki, hamısı paleontoloqdur. Stefen C.Quld, Nayls Eldric, Stiven M.Stenli kimi paleontoloqların rəhbərlik etdiyi bu qrup fosil qeydlərinin darvinist nəzəriyyəni təkzib etdiyini açıq şəkildə görür. Ancaq nəyin bahasına olsa da, bir yolla təkamülə inanmaq üçün özlərini şərtləndirmişdirlər. Elə buna görə, fosil qeydlərini qismən də olsa açıqlaya bilmək üçün yeganə həll yolu kimi sıçrayışlı təkamül modelinə əl atırlar.

Digər tərəfdən genetiklər, zooloqlar və ya anatomistlər təbiətdə bu cür “sıçrayışlar” əmələ gətirən bir mexanizm olmadığını görür və bu səbəbdən də israrla darvinist mərhələli təkamül modelini müdafiə edirlər. Oksford Universitetindən zooloq Riçard Dokinz sıçrayışlı təkamül modelini müdafiə edənləri bərk tənqid edir və onları “təkamül nəzəriyyəsinin inandırıcılığını aradan qaldırmaqda” təqsirləndirir.

İki tərəf arasındakı bu karlar dialoqunun üzə çıxardığı əsl nəticə isə təkamül nəzəriyyəsinin düşdüyü elmi böhrandır. Ortada heç bir təcrübə, müşahidə və ya paleontoloji tapıntı ilə uyğun gəlməyən xəyali “təkamül” əfsanəsi var. Hər təkamülçü nəzəriyyəçi bu əfsanəyə mütəxəssis olduğu sahəyə əsasən dəlil tapmağa çalışır, ancaq bu, digər elm sahəsinin kəşflərinə zidd olur. Bu qarışıqlıq bəzən “elm bu cür akademik mübahisələrlə inkişaf edir” kimi səthi şərhlərlə üstündən keçməyə çalışırlar.

Lakin problem ondadır ki, bu mübahisələr doğru elmi nəzəriyyəni təkmilləşdirmək üçün yeridilən fikirlər deyil, səhv nəzəriyyəni inadla müdafiə etmək üçün uydurulan doqmatik fərziyyələrdən ibarətdir.

Sıçrayışlı təkamül nəzəriyyəçilərinin elmə istəmədən də olsa verdikləri töhfə isə fosil qeydlərinin əslində heç cür təkamül ilə uyğun gəlmədiyini açıq şəkildə üzə çıxarmalarıdır.

Təkamül nəzəriyyəsinin dünyadakı ən qabaqcıl tənqidçilərindən biri olan Filip Conson sıçrayışlı təkamülün ən əsas nəzəriyyəçisi olan Stefen Cey Quldu “darvinizmin Qorbaçovu” adlandırır.181

Qorbaçov Sovet İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar olduğunu düşünərək sistemdə “islahatlar” etməyə çalışmışdır. Lakin çatışmazlıq hesab etdiyi problemlər əslində sistemin öz təbiətindən irəli gəldiyi üçün kommunizmi öz əllərilə məhv etmişlər. Darvinizmi və digər təkamül modellərini də eyni son gözləyir.

 
     

173 S. J. Gould, "Evolution's Erratic Pace", Natural History, vol. 86, May 1977.
174 Stephen M. Stanley, Macroevolution: Pattern and Process, San Francisco: W. H. Freeman and Co. 1979, s. 35, 159.
175 Gould, S. J. 1980. "Return of the Hopeful Monster", The Panda's Thumb, New York, New York: W. W. Norton Co., s. 186-193.
176 R. A. Fisher, "The Genetical Theory of Natural Selection", Oxford, Oxford Univesity Press, 1930.
177 Ernst Mayr, Populations, Species, and Evolution, Cambridge, Mass: Belknap Press, 1970, p. 235.
178 Lane Lester, Raymond Bohlin, The Natural Limits to Biological Change, Probe Books, Dallas, 1989, s. 141.
179 M. E. Soulé and L. S. Mills, "Enhanced: No need to isolate genetics", Science, 1998, vol. 282, s. 1658.
180 R. L. Westemeier, J. D. Brawn, J. D. Brawn, S. A. Simpson, T. L. Esker, R. W. Jansen, J. W. Walk, E. L. Kershner, J. L. Bouzat and K. N. Paige, "Tracking the long-term decline and recovery of an isolated population", Science, 1998, vol. 282, s. 1695.
181 Phillip Johnson, Objections Sustained, Intervarsity Press, Illinois, 1998, s. 77-85.

© 2011 www.heyatingercekmenseyi.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.