QISA TARİX

Təkamül nəzəriyyəsi fəlsəfi mənşəyi qədim Yunanıstana qədər gedib çatmasına baxmayaraq, elm dünyasının gündəliyinə XIX əsrdə daxil olmuşdur. Əvvəlcə, fransız bioloq Jan Batist Lamark “Zooloji fəlsəfə” (Zoological philosophy) adlı kitabında canlı növlərinin bir-birlərindən təkamüllə əmələ gəldiyi fərziyyəsini ortaya atdı. Lamark canlıların həyatı boyu qazandıqları dəyişiklikləri sonrakı nəsillərə ötürdüklərini irəli sürmüşdü. Məşhur zürafələr misalında bu canlıların əvvəllər daha qısaboylu olduğunu, ancaq hündür ağaclara çatmağa çalışarkən nəsildən-nəsilə boyunlarının uzandığını iddia etmişdi.

Lamarkın  “qazanılmış xüsusiyyətlərin ötürülməsi” kimi tanınan bu təkamül modeli irsiyyət qanunlarının kəşf edilməsilə birlikdə əsasını itirdi. XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə canlıların hüceyrələrinin nüvəsində kodlanmış xüsusi genetik məlumata malik olduqları və bu genetik məlumatın “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilmədiyi üzə çıxdı. Yəni bir canlı ağaclara çatmaq üçün həyatı boyu çalışıb boynunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə də o növə aid standard boyun ölçülərinə malik olar. Qısa desək, Lamarkın təkamül nəzəriyyəsi elmi kəşflərlə təkzib edildi və səhv fərziyyə kimi tarixə düşdü.

Ancaq Lamarkdan bir neçə nəsil sonra yaşamış digər təbiətşünasın təkamül nəzəriyyəsi daha uzunömürlü oldu. Sözügedən təbiətşünas Çarlz Robert Darvin, nəzəriyyəsinin adı isə “darvinizm”dir.

Darvinizmin meydana gəlməsi

Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.

Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi.

Darvinin nəzəriyyəsinin Lamarkın nəzəriyyəsindən fərqli cəhəti “təbii seçmə” anlayışını xüsusi vurğulaması idi. Təbii seçmə təbiətdəki həyat uğrunda mübarizədə güclü və ya mühitin şərtlərinə daha uyğun olan canlıların həyatda qalması deməkdir. Darvin belə məntiq qurmuşdur:

Çarlz Darvin nəzəriyyəsini ən ibtidai elm səviyyəsində  inkişaf  etdirdi. Sağdakına oxşar ən sadə mikroskopların altında canlılıq  cox sadə quruluşa sahib kimi görünürdü. Bu yanılma Darvınızmin əsasını təşkil etdi.

“Bir canlı növünün daxilində təbii və təsadüfi fərqlər olur. Məsələn, bəzi inəklər daha böyük, bəziləri daha tünd rənglidir. Bu dəyişikliklərin hansının üstünlüyü varsa, o xüsusiyyət təbii seçmə ilə seçilə. Beləliklə, sözügedən üstün xüsusiyyət o heyvan sürüsündə hakim rol oynayar. Bu xüs usiyyətlərin uzun zaman ərzində toplanması ilə ortaya yeni növ çıxar”.

Ancaq Darvinin irəli sürdüyü bu “təbii seçmə ilə təkamül” nəzəriyyəsi elə lap əvvəldən bir çox sualı də özü ilə bərabər gətirmişdi. Darvinin “təbii və təsadüfi fərqlər” dediyi şey əslində nə idi? Bəzi inəklərin daha böyük, bəzilərinin daha tünd rəngli doğulduğu doğru idi, lakin bu fərqlər milyonlarla bitki və heyvan növünü necə açıqlaya bilərdi?

1) Darvin “canlılar mərhələli şəkildə təkamül keçirmişdir” deyirdi. Belə olduqda çox sayda “ara növ” yaşamalıydı. Amma fosillər (daşlaşmış canlı qalıqları) arasında  bu nəzəri canlılardan əsər-əlamət yox idi. Darvin bu problem üzərində çox baş sındırmış və nəticədə “bu fosillər gələcəkdə tapıla bilər” deməyə məcbur olmuşdu.

2) Canlıların göz, qulaq, qanad kimi kompleks orqanları təbii seçmə ilə necə açıqlana bilərdi? Tək bir toxumasının əksik olduğu halda, funksiyalarını itirən (heç bir işə yaramayan) bu orqanların “mərhələli şəkildə” inkişaf etdiyini necə müdafiə etmək olardı?

3) Bütün bunlardan əlavə, Darvinin “bütün canlıların ortaq əcdadı” dediyi ilk canlı orqanizm necə əmələ gəlmişdi? Cansız maddə təbii proseslərlə canlıya çevrilə bilmədiyinə görə, Darvin ilk canlının əmələ gəlməsini necə açıqlayacaqdı?

Darvin bu problemlərin ən az bir hissəsini bilirdi. Kitabına əlavə etdiyi “Nəzəriyyənin çətinlikləri” (Difficulties on theory) adlı bölmədə bunları qəbul etmişdi. Ancaq bu problemlərə verdiyi cavabların elmi əsası yox idi. İngilis fizik H.S.Lipson Darvinin bu “çətinlikləri” haqqında belə deyir:

“Növlərin mənşəyi”ni ilk dəfə oxuduqda Darvinin əslində özündən o qədər də əmin olmadığını anlamışdım. “Nəzəriyyənin çətinlikləri” adlı bölmə açıq şəkildə şübhə doğurur. Bir fizik kimi gözün necə əmələ gəldiyi ilə bağlı izahlarına təəccübləndim.1

Darvin elmi araşdırmalar davam etdikcə “Nəzəriyyənin çətinlikləri”nin aradan qalxacağına ümid edirdi. Lakin əksinə, yeni elmi kəşflər bu çətinlikləri daha da böyütdü.

Həyatın mənşəyi problemi


Lui Paster, cansız maddələrin həyat  əmələ gətirəcəyi inancını alt-üst etdi.

Darvin kitabında həyatın mənşəyi məsələsindən heç söz açmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışına görə canlıların çox sadə quruluşa malik olduğu güman edilirdi. Orta əsrlərdən bəri qəbul edilmiş spontan generasiya adlı nəzəriyyəyə əsasən cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirdiyinə inanırdılar. Bu dövrdə həşəratların yemək qalıqlarından, siçanların da buğdadan əmələ gəldiyi fikri geniş yayılmışdı. Bunu sübut etmək üçün  qəribə təcrübələr aparılmışdı. Kirli əsginin üstünə bir az buğda tökülmüş, bir müddət gözlədikdən sonra bu qarışıqdan siçanların əmələ gələcəyi güman edilmişdi.

Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özünə əmələ gəlmirlər, milçəklərin gətirib qoyduqları gözlə görünməyən sürfələrdən çıxırlar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddələrdən əmələ gəldiyi fikri elm dünyasında geniş şəkildə qəbul edilirdi.

Lakin Darvinin kitabının nəşrindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu fikri tamamilə məhv etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələr nəticəsində gəldiyi nəticəni belə ifadə etmişdi: “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə çevrilmişdir”2

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin kəşflərinə uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiası daha böyük müəmmaya çevrildi. Bu mövzunu hərtərəfli şəkildə kitabın sonrakı bölmələrində araşdıracağıq.

Genetika problemi

Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə salan digər məsələ isə irsiyyət oldu. Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum deyildi. Ona görə, irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr geniş qəbul edilmişdi.

İrsiyyət haqqında bilgi azlığı Darvinin də nəzəriyyəsini irəli sürərkən tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin “təkamül mexanizmi” kimi təbii seçmənı göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəsilə necə ötürüləcəkdi? Darvin elə bu yerdə Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin sonradan ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçı Qordon R.Teylor “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:

Lamarkizm qazanılmış xüsusiyyətlərin irsi cəhətdən ötürülməsi kimi tanınır... Darvinin özü açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və hətta barmaqlarını itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı nümunə göstərib bu hadisəni izah etmişdir... Darvin Lamarkdan bircə fikir belə götürmədiyini iddia etmişdir. Bu, olduqca gülüncdür, çünki Darvin daima qazanılmış xüsusiyyətlərin ötürülməsi fikri ilə oynamışdır və (ona görə də) Lamarkdan çox Darvin tənqid edilməlidir. Kitabının (Növlərin mənşəyi) 1859-cu il nəşrində “xarici amillərin dəyişməsinin” variasiyalara səbəb olduğunu deyir, ancaq ardınca da bu şərtlərin variasiyaları tənzimlədiyini və bunu edərkən də təbii seçmə ilə birlikdə hərəkət etdiyini açıqlayır. Hər keçən il (orqanların) istifadə edilməsi və ya edilməməsi mövzusuna daha artıq əhəmiyyət vermişdir... 1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal and plants under  domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir... Bəzi oğlan uşaqlarının orqanlarının ön dərilərinin nəsillər boyu edilən sünnət nəticəsində qısalması kimi.3

Ancaq Lamarkın tezisi əvvəldə də dediyimiz kimi, avstriyalı botanik rahib Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən təkzib edildi. Belə olduqda “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsələr də, növ dəyişməyəcək və inək olaraq qalacaqdılar.

Qreqor Mendel uzun təcrübə və müşahidələr nəticəsində müəyyən etdiyi irsiyyət qanunlarını 1865-ci ildə elmi jurnalda açıqlamışdı. Ancaq bu qanunlar əsrin sonlarında elm dünyasının diqqətini çəkdi. XX əsrin əvvəllərində bu qanunların doğruluğu bütün elm dünyası tərəfindən qəbul edildi. Bu vəziyyət “faydalı xüsusiyyətlər” anlayışını Lamarka əsaslanaraq izah etməyə çalışmış Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə saldı.

Burada ümumi bir səhvi düzəltmək yerində olar: Mendel təkcə Lamarkın təkamül modelinə deyil, eyni zamanda Darvinin də təkamül modelinə qarşı çıxmışdı. “İrsiyyət” jurnalında (Journal of heredity) nəşr edilən “Mendelin təkamülə və Darvinə müxalifəti” (Mendel’s opposition to evolution and to Darwin) başlıqlı məqalədə bildirildiyi kimi, “Mendel “Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə ilə ortaq əcdaddan təkamül  keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”4

Mendelin kəşf etdiyi qanunlar darvinizmi çətinliyə saldı. Məhz bu səbəblərdən Darvinizmi müdafiə edən elm adamları XX əsrin birinci rübündə yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm meydana gəldi.

Neodarvinizmin səyləri

Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı qarşısına məqsəd qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin təşkil etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius Dobjanski kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların, Corc Qeylord Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən sonra gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.5

Bu şəxslər genetika qanunlarının ortaya qoyduğu “genetik sabitlik” həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən əsrin əvvəlində irəli sürülən “mutasiya” anlayışından istifadə etdilər. Mutasiyalar məlum olmayan səbəblərdən canlıların irsiyyət mexanizmlərində meydana gələn pozuntular idi. Mutasiya keçirən canlılar valideynlərindən aldıqları genetik məlumatdan başqa bəzi anormal formalara malik olurdular.


Neodarvinizmin qurucuları: Ernst Mayr,Teodosius  Dobjanski və  Gulian  Haksley

Amerika Geologiya Dərnəyində toplanan elm adamları bu mutasiya anlayışını mənimsədilər və Darvinin Lamarka əsaslanaraq cavablamağa çalışdığı “canlıları inkişaf etdirən faydalı dəyişikliklərin mənbəyi nədir?” sualına “təsadüfi mutasiyalar” cavabını verdilər. Darvinin təbii seçmə tezisinə mutasiya anlayışının əlavə edilməsiylə ortaya  çıxan bu yeni nəzəriyyəyə də “Müasir sintetik təkamül nəzəriyyəsi” adını verdilər. Qısa müddət ərzində bu yeni nəzəriyyə neodarvinizm kimi tanındı və nəzəriyyəni irəli sürənlər də neodarvinistlər  kimi tanındılar.

Ancaq mühüm bir problem var idi: mutasiyaların canlıların genetik məlumatını dəyişdirməsi doğru idi, lakin bu dəyişiklik daima mənfi təsir edirdi. Müşahidə edilən bütün mutasiyalar şikəst, xəstə, zəif fərdlər ortaya çıxarır, bəzən də birbaşa ölümə səbəb olurdular. Ona görə də neodarvinistlər çoxlu təcrübə və müşahidə aparıb canlıların genetik məlumatını təkmilləşdirən “faydalı mutasiya” nümunələri əldə etməyə çalışdılar. Meyvə milçəkləri və digər bəzi növlər üzərində on illərlə davam edən mutasiya təcrübələri keçirildi. Ancaq bu təcrübələrdə heç vaxt mutasiyaların canlıların genetik məlumatını təkmilləşdirməsi faktı müşahidə edilmədi.

Bu gün mutasiya məsələsi hələ də darvinizm üçün böyük müəmmadır. Darvinizmin “faydalı dəyişikliklərin” yeganə mənbəyi kimi göstərdiyi mutasiyaların sözün əsl mənasında heç bir faydalı nümunəsi müşahidə edilməmişdir. Bu mövzunu daha sonrakı bölmədə təfərrüatı ilə araşdıracağıq.

Neodarvinist nəzəriyyəni çıxılmaz vəziyyətə salan digər sahə isə fosillər oldu. Fosillər Darvin dövründə belə nəzəriyyənin qarşısında böyük maneə olmuşdu. Darvin nəzəriyyəsini dəstəkləyən “ara növ” canlılara aid fosillərin olmadığını qəbul etmiş, lakin yeni araşdırmalar nəticəsində bu fosillərin tapılacağını irəli sürmüşdü. Ancaq hər cür paleontoloji səyə baxmayaraq, fosillər nəzəriyyənin qarşısında böyük maneə olmağa davam edirdi. Darvinin dövründə nəzəriyyəni dəstəkləyən və böyük dəlil hesab edilən “rudiment orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da yeni elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik.

Böhran içində olan  nəzəriyyə

Darvinizmin irəli sürüldüyü gündən bəri qarşılaşdığı problemlərin buraya qədər qısa şəkildə xülasəsini verdik. Bu maneələrin nə qədər böyük olduğunu bir azdan araşdıracağıq. Bu saytdakı məqsədimiz təkamül nəzəriyyəsinin bəzi insanların hesab etdiyi və ya göstərməyə çalışdığı kimi, açıq elmi həqiqət olmadığını göstərməkdir. Əksinə, təkamül nəzəriyyəsi ilə elmi kəşflər müqayisə edildikdə böyük ziddiyyət meydana gəlir. Populyasiya genetikası, müqayisəli anatomiya, paleontologiya, molekulyar biologiya və biokimya kimi bir çox fərqli sahədə təkamül nəzəriyyəsi “böhran” içindədir.

Bu tərif avstraliyalı biokimyaçı və darvinizmin tanınmış tənqidçisi prof. Maykl Denton tərəfindən verilmişdir. Denton 1985-ci ildə nəşr edilən “Təkamül: böhran içində nəzəriyyə” (Evolution: a theory in crisis) adlı kitabında nəzəriyyəni müxtəlif elm sahələrinin işığında təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, təbii seçmə nəzəriyyəsi canlıların mənşəyini açıqlaya bilmir.6 Denton darvinizmi başqa düşüncə tərzinin doğruluğunu göstərmək üçün tənqid etməmiş, sadəcə nəzəriyyəni elmi kəşflərlə müqayisə etmişdir. Son 20 il ərzində hələ bir çox elm adamı təkamül nəzəriyyəsinin elmi əsassızlığı haqqında çox mühüm elmi əsərlər yazmışlar.

Bu saytda təkamül nəzəriyyəsinin düşdüyü bu böhranı təhlil edəcəyik. Bəlkə bəzi oxucular onlara izah edilməsinə baxmayaraq, təkamül nəzəriyyəsinə inanmaqdan əl çəkməyəcəklər. Ancaq yenə də bu saytı oxumaları, heç olmasa inandıqları nəzəriyyənin elmi kəşflər qarşısındakı əsl mövqeyini görmələri baxımından faydalı olacaq.

 
   

6-Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985.

© 2011 www.heyatingercekmenseyi.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.